29 sentyabr 2020-ci il tarixində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstan Respublikasının Baş Naziri Viktor Orban Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisində olublar. Onlar Türk Şurasının Baş katibi Bağdad Amreyev və Nümayəndəlik Ofisinin Baş Direktoru Yanoş Hovari tərəfindən qarşılanmışdır.
Tərəflər arasında keçirilmiş görüşlər zamanı Türk Şurasının Baş katibi ali qonaqlara təşkilatın gələcək fəaliyyəti və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün davam etdirilən səylər barədə məlumat verərək, Nümayəndəlik Ofisinə Dövlət və Hökumət Başçıları səviyyəsində həyata keçirilmiş birinci ziyarətin Türk Şurası üçün qürur mənbəyi olduğunu vurğulamışdır.
Baş katib Nümayəndəlik Ofisinin Macarıstan, Türk Şurası və Avropadakı beynəlxalq təşkilatlar arasında əməkdaşlıq imkanı yaratmaqda xüsusi roluna diqqət çəkmiş və Türk Şurasının 3 sentyabr 2018-ci il tarixində Qırğızıstanda keçirilmiş VI Zirvə Görüşü zamanı Macarıstanın müşahidəçi statusu əldə etməsini tarixi hadisə kimi qiymətləndirmişdir.
Baş Nazir Viktor Orban Türk Şurasının Avropa məkanında müxtəlif təsisatlar vasitəsilə nüfuzunun artırılmasında Macarıstanın daha da töhfə verməyə hazır olduğunu bildirmişdir.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türk Şurasının Nümayəndəlik Ofisinin fəaliyyətə başlamasının əhəmiyyətə malik olduğunu, türk dünyası və Avropa arasında çoxşahəli əməkdaşlığın möhkəmləndirilməsində Ofisin xüsusi rol oynayacağını qeyd etmişdir. Həmçinin, Qırğız Respublikasının Prezidenti türk dövlətləri ilə əlaqələri möhkəmləndirmək üçün göstərdiyi səylərə görə Macarıstanın Baş Nazirinə minnətdarlığını bildirərək, tərəflər arasındakı mövcud münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirmişdir.
Görüş zamanı, həmçinin Türk Şurası çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə, Birgə İnvestisiya Fondunun təsis olunması və qarşıdan gələn zirvə görüşünə dair fikir mübadiləsi aparılmışdır.
Həmçinin, qonaqlar Qırğızıstanın görkəmli yazıçısı Çingiz Aytmatova həsr olunmuş rəsm sərgisinin açılış mərasimində iştirak etmişdir. Tədbir zamanı görkəmli yazıçının yaradıcılığı və fəaliyyətinə dair türkoloq David Şomfay Kara məruzə ilə çıxış etmişdir.