KONFRANS VƏ YA TƏDBİR MƏQSƏDLİ QISAMÜDDƏTLİ (C) ŞENGEN VIZASININ RƏSMILƏŞDIRILMƏSI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI
1) Xarici pasport:
- pasportun bitmə müddəti Şengen ərazisini tərk etdikdən sonra ən azı 3 ay etibarlı olmalıdır;
- pasport son on il ərzində verilməlidir;
- pasportda ən azı iki boş səhifə olmalıdır;
2) Viza üçün ərizə forması:
Viza üçün ərizə forması - tam və aydın doldurulmalı, səfər tarixləri dəqiq göstərilməklə ərizəçi tərəfindən şəxsən imzalanaraq təqdim olunmalıdır. Ərizə formasını Səfirliyin Konsulluq Şöbəsində pulsuz əldə edə bilərsiniz və ya aşağıdakı linkə daxil olaraq “Application form for a stay shorter than 90 days” növünü seçərək, təklif olunan dillərdən birində (ingilis dilinə üstünlük verilir) çap edib, ingilis dilində doldurmalısınız (ərizəçinin adı və soyadı ingilis dilində xarici pasportdan köçürülməlidir): https://konzinfo.mfa.gov.hu/en/visa-application-forms
3) Şəkil:
Son 3 ayda, ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 1 ədəd rəngli şəkil tələb olunur. Şəkil ərizənin üzərinə yapışdırılmalıdır.
4) Səyahət sığortası (tibbi):
Sığorta, qaldığı müddət ərzində Şengen sazişinin bütün üzv ölkələri ərazisində etibarlı olmaq şərti ilə tibbi məqsədlər üçün bütün xərcləri, o cümlədən vətənə göndərməni əhatə etməli və 30.000 avrodan aşağı olmamalıdır.
Macarıstan konsulluğu tək girişli vizalar üçün sığortanın qüvvədə olduğu halda iki həftəlik dəhliz təmin edir (Şengen zonasında qalma müddəti dəyişməz olaraq qalır).
5) Konfrans və ya tədbir məqsədli səfər üçün aşağıdakı sənəd tələb olunur:
Konfrans və ya tədbiri təşkil edən Macarıstandakı təşkilat/qurumdan rəsmi möhürlü və imzalı dəvət məktubu. Məktubda tədbir haqqında ümumi məlumat verilməlidir.
6) Macarıtanın ərazisində qalacağınız yer haqqında aşağıdakı sənədlər tələb olunur:
- Otel haqqında məlumat dəvət məktubunda qeyd olunmalıdır.
- Otel dəvət edən tərəfindən təmin edilmədiyi halda, otel bronu (ərizəçinin adı və soyadı, qalacağı müddət və otelin əlaqə məlumatları qeyd olunmalıdır);
Diqqət! ərizəçilərə tövsiyyə olunur ki, otel bronunu sonradan konsul tələb edərsə ödəniş edə biləcəkləri oteldən etsinlər.
7) Aşağıdakı sənədlərin surəti zəruridir:
1. xarici pasport (ərizəçi haqqında məlumat və onun imzası olan səhifə(lər) və son üç 3 ildə şengen vizaların surətləri, əgər varsa;
2. şəxsiyyət vəsiqəsi;
3. səyahət sığortası;
4. təyyarə biletinin bronu (gediş - dönüş);
5. həyat yoldaşı ilə səyahət etdiyi halda, nigah haqqında şəhadətnamənin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır (nigahdan sonra soyadın dəyişdirildiyi halda bütün sənədlər də (şəxsiyyət vəsiqəsi, xarici pasport, otel və bilet bronu və s.) müvafiq olaraq nigah şəhadətnaməsindəki soyada uyğun olmalıdır).
8) Maddi təminatı təsdiq etmək üçün aşağıdakı sənədlərin təqdim edilməsi tövsiyyə olunur:
- Əgər şəxs işləyirsə - iş yerindən arayışın orijinalı: işçinin maaşı, işəgötürənin VÖEN, möhür, imzası, ünvanı və əlaqə məlumatının yazılması şərti ilə; arayış notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır (orijinalı ingilis dilində təqdim etmək olar, möhür və imza ilə), və əmək haqqı göstərilməklə elektron hokümət portalından iş yerindən arayış, azərbaycan dilində (www.e-gov.az); Hər iki arayış son bir ayda verilməlidir.
- Fərdi sahibkarlar üçün – qeydiyyat haqqında şəhadətnamə (VÖEN), notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş, və son 6 ayın vergi ödəməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyindən arayış; sənədlər borcların olmadığını və gəlir məbləğini göstərməlidir.
- Fərdi özəl müəssisə üçün – reyestr haqqında çıxarış, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş;
- Şəxs təqaüdçü (pensioner) olduğu halda – Əhalinin Dövlət Sosial Müdafiə Fondundan təqaüdün məbləği haqqında arayış (notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş);
- Əgər şəxs tələbədirsə - təhsil aldığı yerdən arayış: arayışın səfirliyə təqdim edilməsi, təhsil müəssisəsinin ünvanı və əlaqə məlumatı, məsul şəxsin imzası və möhürü qeyd olunmalıdır; notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır və ya belə bir arayışı almaq mümkün olmadıqda (bayram və tətil günləri ilə bağlı) tələbə biletinin surəti notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır;
Tələbələrin şəxsi gəlirinin olmaması səbəbindən, birinci dərəcəli qohumlardan (ata, ana, baba və nənə) biri səyahət müddətində xərcləri öz üzərinə götürməsi haqqında, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş öhdəlik məktubu təqdim etməlidir. Bundan əlavə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən və bankdan arayışı (çıxarış ilə birgə) məktuba əlavə olunaraq təqdim olunmalıdır. Qohumluluq əlaqəsini təsdiq edən sənəd: tələbənin doğum haqqında şəhadətnaməsinin və digər qohumluluq əlaqələrini təsdiq edən müvafiq sənədin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.
- Bütün kateqoriyalara aiddir - bank hesabı haqqında son bir ayda verilmiş arayış (hesab haqqında tam məlumat olmalıdır, ingilis dilində) və son 3-6 ayın çıxarışı.
Bütün sənədlərin sürəti A4 variantında olmalıdır.
Macarıstandan göndərilən sənədlər skan (çap edilmiş) formasında qəbul oluna bilər.
Konsul həmçinin əlavə sənədlər tələb edə bilər.
Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı halda, Azərbaycan Respublikasının ərazisində qanuni yaşayış icazəsi olmalıdır. Ərizəçi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayış üçün icazə haqqında sənəd təqdim edirsə, o zaman sənədin bitmə müddətinə Şengen ərazisindən qayıdış tarixindən başlayaraq minimum 3 ay qalmalıdır.