Macarıstanla yanaşı digər Şengen Sazişinə üzv ölkələrə səyahət etmək məqsədilə Macarıstan Səfirliyinin Konsulluq şöbəsinə qısamüddətli Şengen (C) vizası üçün yalnız 2 halda müraciət etmək olar:

  1. Əgər Macarıstan Şengen ərazisində əsas istiqamət ölkəsidir. Yəni birinci giriş ölkəsindən asılı olmayaraq, Macarıstanda keçirilən günlərin sayı Şengen ərazisində olan digər ölkələrlə müqayisədə üstünlük təşkil edir;
  2. Əgər Macarıstanla yanaşı Şengen ərazisində olan digər bir neçə ölkəyə səyahət planlaşdırılırsa, o zaman Macarıstan ilk giriş ölkəsidir və Macarıstanda keçirilən günlərin sayı Şengen ərazisində olan digər ölkələrlə müqayisədə bərabərdir.

Diqqət!!! Macarıstanın ilk giriş ölkə olmasına baxmayaraq, Şengen ərazisində olan digər ölkələrdə keçirilən günlərin sayı 1 gün belə üstünlük təşkil etdiyi halda ərizəçinin sənədləri Macarıstan səfirliyinin Konsulluq şöbəsində qəbul olunmayacaq.

Ərizə tələblərə cavab verdiyi halda, Konsulluq Şöbəsi tərəfindən əsas sənədlərlə yanaşı, aşağıdakılar tələb olunur:

  • səyahət planı (hər ölkə (şəhər)də dəqiq qalacağı müddət, ölkə (şəhər)lər arası nəqliyyat vasitəsi)

 

  • hər bir ölkədə otel bronu (ərizəçinin adı və soyadı, qalacağı müddət və otelin əlaqə məlumatları qeyd olunmalıdır) haqqında booking.com və ya başqa sistemdən vauçer (Macarıstan üçün airbnb.com saytından bronların təqdim olunması tövsiyyə olunmur) təqdim olunmalıdır;
  • ölkələr arası transfer sənədini təqdim etmək lazımdır (təyyarə, qatar, avtobus, avtomobil). Qayıdış ölkə Macarıstan olduğu halda – qayıdış transferi tələb olunur;
  • şəxsi avtomobil vasitəsilə bir ölkədən digər ölkəyə getdiyiniz halda: avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsinin surəti təqdim olunmalıdır; maşına aid etibarnamə məktubu (əgər avtomobil digər şəxsindirsə); əgər avtomobil icarəyə götürülürsə - bron etdiyiniz saytdan bron kağızı və avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsinin surəti lazımdır                 

Konsul həmçinin əlavə sənədlər tələb edə bilər.